Turizmin inkişafında statistikanın rolu
Bakıda üçüncü
regional seminar keçirilir
İyunun 10-da Bakıdakı "Central Park" mehmanxanasında BMT-nin Dünya Turizm Təşkilatının (DTT) dəstəyi
və Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə «MDB ölkələri
və Gürcüstan
üçün turizm
statistikası sahəsində
bilik səviyyəsinin
artırılması Proqramı»
çərçivəsində üçüncü (sonuncu)
statistika seminarı işə başladı.
DTT-nin Avropa üzrə direktoru xanım İzabel Qaranya, yeddi ölkənin aidiyyəti qurumlarının
nümayəndələri və
ekspertlərin iştirak
etdiyi tədbir qurumla nazirlik arasında 2011-ci il
martın 23-də imzalanmış
sazişə əsasən
reallaşdırılır. Sənəd çərçivəsində 2011 və 2012-ci illərdə
iki seminar keçirilib.
Tədbirin açılışında
DTT-nin baş katibi Taleb Rifainin
seminar iştirakçılarına video müraciəti nümayiş
etdirildi. Müraciətdə qurumun Azərbaycanla səmərəli əməkdaşlığı
qeyd olunur, seminarın ölkələrin
milli turizm statistikasının öyrənilməsi
baxımından əhəmiyyəti
vurğulanırdı.
Seminarda çıxış edən mədəniyyət
və turizm nazirinin müavini Nazim Səmədov iştirakçıları salamlayaraq
Azərbaycanda turizmin inkişafına göstərdikləri
marağa görə onlara minnətdarlığını
bildirdi. Dolğun
və dəqiq statistikanın, digər sahələr kimi, turizm üçün də vacibliyini vurğulayan nazir müavini qeyd etdi ki, planlaşdırma,
konsepsiya və inkişaf proqramlarının
hazırlanması və
tətbiqi, digər işlərin səmərəli
təşkili statistik
məlumatların toplanması,
təhlili və istifadəsindən asılıdır:
“Digər sahələrin
göstəricilərini əsas
tutaraq turizm sahəsində fəaliyyəti
planlaşdırmaq üçün
statistika mühüm əhəmiyyət kəsb
edir. Məsələn,
infrastrukturun inkişafı,
yol inşaatı və təmiri, nəqliyyat və s. iqtisadi göstəricilər
bilavasitə turizmin inkişafına təsir göstərir. Digər sahələrdə olduğu kimi, statistika elminin inkişafı ən son və ən qabaqcıl təcrübə
üzərində qurulmalıdır.
Bu səbəbdən, DTT-dəki həmkarlarımızdan
xahiş etdik ki, bu qabaqcıl
təcrübəni bizimlə
bölüşmək üçün
belə bir seminarın təşkilinə
kömək etsinlər”.
Nazir müavini bildirdi
ki, statistika seminarına maraq artmaqdadır. 2011-ci ilin seminarında iştirakçıların sayı
19, 2012-ci ildə 22, builki
seminarda isə 23 nəfərdir. Seminarda
Azərbaycan, Gürcüstan,
Qazaxıstan, Moldova, Rusiya,
Özbəkistan və
Belarus təmsil olunur:
“Bu, son deyil və bizim əməkdaşlığımız
davam edəcək. Düşünürük ki, digər
layihələr üzrə
əməkdaşlıq genişləndirilməli,
seminarlara yeni ölkələr cəlb olunmalıdır. Azərbaycan və
Dünya Turizm Təşkilatı bir neçə layihə çərçivəsində birgə çalışır.
Bu sırada «İpək
Yolu» beynəlxalq turizm marşrutu, «Turizm haqqında» yeni qanun layihəsinin
hazırlanmasını xüsusi
qeyd etməliyik.
Təşkilatın baş katibi
Taleb Rifainin ötən ilin sentyabrında Azərbaycana
səfəri zamanı
yeni əməkdaşlıq
istiqamətləri və
mövzuları müzakirə
olundu. Biz ikitərəfli münasibətlər
çərçivəsində burada iştirak edən hər bir ölkə ilə də əməkdaşlığa hazırıq».
Turizm sahəsində postsovet ölkələri ilə əlaqələrin genişləndirilməsinin
Azərbaycan üçün
prioritet istiqamət olduğunu deyən Nazim Səmədov qeyd etdi ki,
digər ölkələrdən
fərqli olaraq, bu ölkələr arasında viza, hava nəqliyyatı və dil problemi
yoxdur. Eyni zamanda mədəni, humanitar və s. sahələrdə əlaqələr
inkişaf edir: «Hazırda Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
bir sıra islahatlar aparılır, inkişaf konsepsiyaları hazırlanır. Şübhəsiz ki, bu təşəbbüslər dolğun
statistik məlumatların
toplanılması və
təhlili sisteminin təkmilləşdirilməsini də nəzərdə tutur. Bu halda
yeniləşmiş sistemin
idarə edilməsi və istifadəsini təmin etmək bacarığında olan mütəxəssislərin olması
çox önəmlidir.
Bu bacarıq yeni
təhlil metodlarının
istifadəsi, kompyuter proqram təminatının
hazırlanması, məlumatların
uzlaşdırılması və digər aidiyyəti peşəkar amilləri əhatə etməlidir. Düşünürəm ki, seminar bu sualların cavabını
özündə əks
etdirəcək».
Dünya Turizm Təşkilatının
Avropa üzrə direktoru xanım İzabel Qaranya Azərbaycanın turizm sahəsinə mühüm
əhəmiyyət verdiyini
bildirdi. Ölkəmizdə bu sahədə bir çox layihələrin həyata
keçirildiyini deyən
DTT nümayəndəsi Şahdağ
Qış-Yay Turizm Kompleksinin inşasını
xüsusi qeyd etdi. Onun sözlərinə görə,
turizm statistikası bu sahəyə nəzarət və turizmi digər iqtisadi sektorlarla müqayisə etməyə
imkan verir: “Burada əsas məsələ hökumətin
və dövlətin turizm sahəsinə göstərdiyi maraqdır
ki, bu da
Azərbaycanda yüksək
səviyyədədir”.
Seminarın təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü
bildirən İ.Qaranya
tədbirin iştirakçı
ölkələrdə turizm
statistikasının göstəricilərinin
yaxşılaşdırılması baxımından faydalı
olacağını diqqətə
çatdırdı.
Qeyd edək ki, seminarda Azərbaycandan Mədəniyyət və
Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Mərkəzi
Bank və Dövlət
Miqrasiya Xidmətinin, həmçinin təmsil olunan ölkələrdən
aidiyyəti qurumların
nümayəndələri iştirak
edirlər.
Seminar iyunun 12-də başa çatacaq.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2013.- 12 iyun.- S. 9.